Bu gün:


Türkiyədə jurnalist canlı efirdə müxbiri şillələdi

Tarix: 20.12.2021 / 10:11  •   Oxundu: 96 dəfə  •  

Türkiyədə jurnalist Muharrem Sarıkaya canlı yayımda müxbirə şillə vurub.
 
“Habertürk”ün yazarı Muharrem Sarıkaya Qaziantep şəhərinin azad olunmasının 100-cü ildönümü münasibətilə şəhərə yollanıb və Büyükşehir Bələdiyyə sədri Fatma Şahini verilişinə dəvət edib.
 
Bu zaman canlı efirdə səs problemi yaranıb və “İhlas” xəbər agentliyinin Qaziantepdəki müxbiri Ahmet Demir tərəflər arasında mikrofon bağlantısını qurmaq üçün masaya yaxınlaşıb. Müxbiri görən Sarıkaya əsəblərinə hakim ola bilməyərək Ahmet Demirə şillə vurub.
 
Bu hadisə sosial şəbəkələrin Türkiyə seqmentində geniş müzakirələrə və narazılıqlara səbəb olub.
 
M. Sarıkaya tvitter hesabında etdiyi paylaşımda efirdən sonra Ahmet Demirdən üzr istədiyini bildirib. O qeyd edib ki, canlı yayımda tez-tez texniki problemin yaranması onu əsəbiləşdirib.
 
Şiddət görən A. Demir isə yerli mediaya açıqlamasında bildirib ki, efir zamanı operatorluq edib və onun vəzifəsi olmasa da, öz telefonunu verərək yaranan texniki problemlərlə maraqlanıb və həll etməyə çalışıb. O, yaşanan hadisənin ona pis təsir etdiyini və məsələ ilə bağlı dekabrın 21-i məhkəməyə müraciət edəcəyini sözlərinə əlavə edib.