DÖVLƏT VƏ QANUNLAR KİM(LƏR)İN VASSALIDIR?!
Tarix: 03.07.2022 / 09:01 •
Oxundu: 194 dəfə •
Gəncə Şəhəri,1 Saylı vəkil bürosunun vəkili Səadət Seyidli İDEAL-a müraciət edərək müdafiə etdiyi Şəxsə qarşı həyata keçirilən repressiyalardan və cəzaçəkmə müəssisələrinin işgəncə alətinə çevrildiyindən bəhs edir.
Müraciətdə deyilir:
"Müvəkkilim – Səxavət Oruc oğlu Orucov 21 dekabr 2016-cı ildə tutularaq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində qanunsuz olaraq 27 dekabr 2016-cı il tarixədək saxlanılmış, ona işgəncələr verilmiş, törətmədiyi iki cinayəti etiraf etməyə məcbur edilmişdir. Sonradan işgəncələr Tərtər rayon Polis İdarəsində davam etdirilmişdir.
Orucov Səxavət Oruc oğluna törətmədiyi əməllərlə (iki ədəd qəsdən adam öldürmə) Tərtər rayon Prokurorluğu tərəfindən 2016-cı ildə ittiham elan edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli Hökmü ilə onun həmin cinayət hadisələri ilə heç bir əlaqəsinin olmaması səbəbindən bəraət qazanmışdır.
Sonradan “sifariş”lə bəraət hökmünü ləğv edən Gəncə Apelyasiya Məhkəməsi “Səxavət Orucov əvvəllər məhkum edildiyinə görə bu cinayətləri törədə bilər” versiyasını hökmdə dəfələrlə irəli sürərək heç bir sübut olmadan ittiham hökmü çıxarmışdır.
Sonradan bu sifarişlərin daimi olmasının şahidi olmuşuq. Daha doğrusu, bəraət hökmündən sonra Gəncə 2 saylı İstintaq Təcridxanasında “səni cərimə təcridxanasına salmasaq, bizə irad tutarlar”,-derəyək cərimə təcridxanasına salınmış, məhkəmədən qabaq müxtəlif təzyiqlərə məruz qalmışdır.
Barəsində ittiham hökmü çıxarılarkən Səxavət Orucovun cəzasının ilk 5 ilinin həbsxanada çəkilməsi hökm edilmişdir.
Həbsxana rejimi üçün müəyyən edilmiş 5 illik müddət bitdikdən sonra onun hansı cəzaçəkmə müəssisəsinə aparılması ilə bağlı özünə və yaxınlarına xəbər verilmədən 25 dekabr 2021-ci il tarixdə etap edilmiş, harada olması barədə edilmiş müraciətlərə cavab verilməmiş, sonradan 7 saylı Cəzaçəkmə Müəssisəsinə aparıldığını öyrənə bilmişik.
08 yanvar 2022-ci il tarixdə, yəni 14 günlük karantin müddəti bitdikdən sonra 7 saylı Cəzaçəkmə Müəssisəsinin Qeydiyyat Şöbəsi ilə əlaqə qurmuşam və məhkumun hələ karantindən çıxarılmadığını öyrənmişəm. 09 yanvar 2022-ci il tarixdə mən yenidən 7 saylı Cəzaçəkmə Müəssisəsi və Penitensiat Xidmətin Qaynar xətti ilə əlaqə saxladım, Səxavət Orucovun karantində saxlama müddətinin 08 yanvar 2022-ci ildə bitməli olduğunu bildirərək, onunla heç bir əlaqə saxlanılmasının mümkün olmamasını, hətta karantində saxlanıldığı halda da məhkumun telefonla əlaqə saxlamaq hüququnun olduğunu bildirdikdə, bu hüququn təmin edilməməsinin səbəbi ilə maraqlandım, həmin zaman mənə məhkumların hər birinin öz hüquqlarını çox gözəl bildiklərini bildirərək, Səxavət Orucovun karantindən çıxarıb-çıxarılmaması barədə heç bir dəqiq məlumat verilməmişdir (məhkum öz hüququnu bilə bilər, lakin məmurlar həmin hüquqların “mövcudluğunu” tanımır).
Yenə də qeyri-rəsmi araşdırılma zamanı Səxavət Orucovun hələ də karantində saxlanıldığı məlum olmuşdur. Bundan sonra Səxavət Orucovu karantindən çıxararaq, cərimə təcridxanasına salmışlar, oradan isə yenidən karantinə.
21 yanvar 2022-ci ilə qədər davam edən bu qanunsuz hərəkətlərdən sonra Səxavət Orucovu 12 saylı CÇM-nə etap etmişlər.
Səxavət Orucovun hüquqları pozulduğu halda edilən şikayətlər “nəzərə alınmış”, bu dəfə “sifarişlər” başqa taktika ilə icra edilməyə başlanılmışdır.
Belə ki, 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Orucov Səxavət Oruc oğlu 27 aprel 2022-ci il tarixdə gecə saatlarında qaldığı kupedən müəssisənin işçiləri tərəfindən götürülərək 12 sutkalıq cərimə təcridxanasına salınmışdır.
Həmin günlərdə Səxavət Orucov xəstə idi, hətta ona tibb heyəti tərəfindən tibbi yardım göstərilirdi. Səxavət Orucov bütün Ramazan ayı boyunca oruc tutmuş (həmin ay Ramazan ayı idi və Səxavət Orucov hətta tutduğu orucluq ayınnı bayramını keçirə belə bilməmişdir), lakin son günlərində səhhətindəki problemlərlə əlaqədar oruc tuta bilməmişdir.
Bildirim ki, Səxavət Orucovun kassasiya şikayəti Ali Məhkəmənin icraatındadır. 06 iyul 2022-ci il tarixdə məhkəmə iclası keçiriləcəkdir. Səxavət Orucov isə 26 iyun 2022-ci il tarixdə yenidən heç bir əsas olmadan və yenə də o, xəstə olduğu zaman qanunsuz olaraq 12 sutkalıq cərimə təcridxanasına salınmışdır.
Bu gün də Səxavət Orucov sifarişçilərin və ya əsl qatillərin, cinayətlərin üstünün açılmasını istəməyən şəxslərin sifarişi ilə təzyiqlərə məruz qalır, saxlanıldığı cəzaçəkmə müəssisələrində qanunsuz olaraq cərimə təcridxanasına salınır, bu zaman onun xəstə olması nəzərə alınmır və sair.
Səxavət Orucovun 7 saylı CÇM-də daima karantində və cərimə təcridxanasında saxlanılması, 12 saylı CÇM-də heç bir əsas olmadan, onun tərəfindən heç bir qanun pozuntusu törədilmədiyi halda bir neçə dəfə 12 sutkalıq cərimə təcridxanasına salınması ona cinayəti yükləyən şəxslərin sifarişidir.
Bildirim ki, hər dəfə yuxarı instansiya məhkəmələrində işə baxılması ərəfəsində Səxavət Orucov cəzaçəkmə müəssisələri, istintaq təcridxanalarında qanunsuz olaraq cərimə təcridxanalarına salınmış, bu müddətdə daima əlləri qandallı olmuşdur.
Maraqlıdır ki, bu sifarişləri kim verir?! Onlar kimi qoruyurlar?! Niyə ədalətin bərqərar olmasını istəmirlər?! Niyə əsl qatillərin ortaya çıxmasına hər cəhdlə mane olmağa çalışırlar?! Və bu məmurlar kimdirlər?! Onlar hansı gücə sahibdirlər ki, cəzaçəkmə müəssislərində və məhkəmələrdə söz sahibidirlər?!"
Səadət Seyidli
Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili