Bu gün:


Avropa Komissiyası Xəzər qazının Avropaya nəqlini alqışlayır

Tarix: 07.12.2020 / 15:04  •   Oxundu: 131 dəfə  •  

Avropa Komissiyası Cənub Qaz Dəhlizinin sonuncu tərkib hissəsi olan Trans Adriatik Boru (TAP) kəmərinin istismara verilməsinin alqışlayıb.
Bu barədə Avropa Komissiyasının iclasında məlumat verilib. 
Bildirilib ki, layihə sayəsində Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən qaz İtaliyaya nəql edilir. Komissiyanın nümayəndəsi Tim Makfi deyib ki, Avropa Birliyi rəhbərliyi Yunanıstanı Albaniya vasitəsilə İtaliyaya bağlayan və Xəzər qazını Avropa Birliyi istehlakçılarına çatdıran TAP-ın fəaliyyətə başlamasını alqışlayır:
“Layihə regionda seçimi və rəqabətliliyi artıracaq, eyni zamanda enerji təhlükəsizliyini daha da təkminləşdirməklə xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstanda, həmçinin Cənub-Şərqi Avropa regionunda qaz tədarükünü şaxələndirəcək. TAP Avropa Birliyinin ortaq maraq dairəsində olan və Cənub Qaz Dəhlizinin vacib hissəsini təşkil edən layihədir”.
Qeyd edək ki, Trans Adriatik Boru kəməri ümumi layihə dəyəri 40 milyard ABŞ dolları olan və “Əsrin Müqaviləsi” əsasında formalaşan “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsidir. İnfrastrukturun tikintisinin başa çatması ilə “Cənub Qaz Dəhlizi” layihəsinin də tam olaraq icrası həyata keçiriləcək.
TAP-ın kommersiya fəaliyyətinə keçid etməsi ilə Azərbaycan Avropa bazarına ilkin mərhələdə 10 milyard kubmetr, daha sonra isə 20 milyard kubmetrə qədər qaz nəqlini həyata keçirəcək. 
Cənub Qaz Dəhlizinin əsas komponenti olan TAP 15 noyabr tarixindən etibarən kommersiya əməliyyatlarına start verib.