Bu gün:


BİZ NƏ VAXT DÖVLƏT OLACAYIQ ?!

Tarix: 21.03.2023 / 16:11  •   Oxundu: 330 dəfə  •  

Tovuz rayonu Əyyublu kənd sakini Nağıyeva İsvet Qurban qızı Prezident  İlham Əliyevə müraciət etmişdir.

 Müraciətdə deyilir: “ Biz nə vaxt dövlət olacayıq ?

Biz nə vaxt öz dövlətimizə güvənəcəyik ? 

Məhkəmələr nə zaman müstəqil fəaliyyət göstərəcək ?

İnsan və vətəndaş hüquqları rüşvət çəlləyindən, məmur harınlığından nə zaman xilas olacaq ? 

 

16 bıçaq zərbəsilə qızım İsgəndərova İlahə Nurəddin qızını qətlə yetirmiş, 4 bıçaq zərbəsilə məni qətlə yetirməyə cəhd etmiş qatil Həsənov Tofiq Əmir oğlunun cinayət işi rüşvətin əsas dominatlığı, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin “hakimi” Hümbətov Fəhmin Zaur oğlunun sədirliyi ilə rüsvayçı şəkildə sona yetdi.

Zərərçəkmiş qismində ilk dəfə idi ki, ədalətin bərqərar olunacağı ünvanı görürdüm. Məhkəmə proseslərində əvvəldən axıra kimi iştirak etdim. Özümü əyalətdə yerləşən kolxoz bazarlarında hiss edirdim. Məzhəkə şousu başdan-ayağa saxta və ironik gülüşlərlə başlayıb qutarırdı. Cinayət hadisəsi baş verən zaman hadisə yerində qatillə yanaşı olan şəxslərdən Tovuz rayon Əyyublu kənd orta məktəbin dil-ədəbiyyat  müəlliməsi Xalidə Məmmədova və qatilin əmisi oğlu İman Həsənov dindirilmədi. 20 bıçaq zərbəsilə amansız qətl hadisəsinə Azərbaycan Respublikası adından hökm verən Fəhmin Hümbətov üst-üstə on altı  il cəza verdi.

Yetmiş iki yaşlı ağbirçək ana olaraq hakimin bu qərarını məhkəmə-hüquq sisteminin hökumət adından qadınlara olan münasibəti kimi qiymətləndirirəm.

 Deməli bu ölkədə istənilən pullu adam bir deyil bir neçə şəxsi qətlə yetirə bilər və sonda pulunu verib arzu etdiyi cəzanı ala bilərmiş. 


Mənə, qızıma, ailə üzvlərimə qarşı  törədilmiş bu cür cinayət dövlətin hüquq siyasətini həyata keçirən korrupsioner məmurların hansısa birinin ailə üzvlərinə qarşı törədilmiş olsaydı hakimin qərarı nə olardı? Sözsüz ki, ən ağır cəza ömürlük azadlıqdan məhrumetmə cəzası verilərdi.


Hörmətli Cənab Prezident!

 Azərbaycan Respublikası Konstitusiyasının 8-ci maddəsinə əsasən, Siz Məhkəmə müstəqilliyinin təminatçısısınız. Bu baxımdan da mənə və ailə üzvlərimizə qarşı törədilmiş qanlı cinayətlə bağlı tələb və xahiş edirik ki,  rüşvətxor “hakim” Hümbətov Fəhmin Zaur oğlunun qanundan və dövlətdənkənar əməllərinə hüquqi qiymət verilməklə məsuliyyətə cəlb edilsin,  qatil Tofiq Həsəovun haqq etdiyi cəzaya məhkum edilsin ki, bizdə özümüzü bu ölkənin bərabər hüquqlu vətəndaşı kimi  hiss edə bilək.