Bu gün:


Yüksəkvəzifəli məmurun adından istifadə edib dələduzluq edənə hökm oxundu

Tarix: 27.04.2023 / 11:01  •   Oxundu: 83 dəfə  •  

Özünü Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun oğlu kimi təqdim edərək çoxsaylı vətəndaşlara qarşı dələduzluq əməlləri törətmiş Qusar sakini, 1989-cu il təvəllüdlü Həsən Zöhrəbəyova hökm oxunub.
İDEAL-In əldə etdiyi məlumata görə, Qusar Rayon Məhkəməsində H.Zöhrəbəyov Cinayət Məcəlləsinin 178 və 32.4,312.1-ci (Dələduzluq və rüşvət verməyə təhrik) maddələri ilə təqsirləndirilib. Bildirilib ki, Həsən Qusardakı bayraq meydanında yerləşən restorana rəhbərlik edərkən ona iş üçün müraciət edən Emil adlı şəxsi FHN-in Qusar bölməsində işə düzəldəcəyini vəd edərək 6500 manata yaxın pulunu alıb. O, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun oğlu kimi özünü tanıdaraq imkanlarından istifadə edərək bu işi həll edəcəyini deyib.
Qusar Rayon Məhkəməsində həmçinin bildirilib ki, Həsən Zöhrəbəyov Bakı şəhərində də bir neçə şəxsi anoloji formada aladadaraq xeyli pullarını ələ keçirib və məhkum edilib. Həmçinin o da məlum olub ki, Həsən əvvəllər Aydın Əzizovun sürücüsü olub. Lakin dələduzluq əməlləri üzə çıxandan sonra Aydın Əzizov onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edib və o həbs edilib.
Qusar Rayon Məhkəməsində keçirilən proses bir neçə gün əvvəl çatıb. Məhkəmə Həsənə Bakı Ağır Cinayətlər Məhkəməsinin də verdiyi cəzanı toplayaraq ona ümumilikdə 12 il müddətinə həbs cəzası təyin edib.