Bu gün:


Azərbaycanda sabiq məmurun həbs müddəti artırıldı

Tarix: 29.06.2021 / 10:56  •   Oxundu: 200 dəfə  •  

İyunun 26-da Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevin növbəti məhkəmə prosesi keçirilib.

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində Abbas Rzayevin sədrliyi ilə baş tutan proses zamanı R.Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.  

Rasim Quliyevin bu qərardan apellyasiya şikayəti verəcəyi bildirilib .

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da “FF-2011” Mənzil Tikinti Kooperativinin həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.