Bu gün:


Kərim Babayevin bazarlarına görə saxlanıldı...

Tarix: 03.07.2021 / 18:39  •   Oxundu: 142 dəfə  •  

Rostov vilayəti üzrə İstehlak Bazarları Departamentinin rəhbəri İrina Telarova ötən gün Federal Təhlükəsizlik Xidmətinin əməliyyatçıları tərəfindən saxlanılıb.
 
Bu əməliyyat tədbiri Rostov vilayətinin Aksay rayonunda nəhəng ticarət mərkəzlərinin sahibi olan azərbaycanlı iş adamı Kərim Babayevin işi ilə bağlıdır.
 
Xəbər verildiyi kimi, bu ilin aprelində FTX əməliyyatçıları Aksay rayonunun başçısı Vitali Borzenkonu, “Almaz”, “Atlant”, “Ovoşnoy”, “Stroitelni” ticarət mərkəzlərinin sahibi olan Kərim Babayevin oğlu Eduard Babayevi, habelə Babayevlərin biznesini idarə edən icraçı direktor İvan Sitkonu həbs edib.

Kərim Babayev isə vaxtında qaçıb aradan çıxa bilib, onun Azərbaycandakı “nüfuzlu qohumlarının” yanına qaçdığı bildirilir. Bu həbslərin arasında Babayevin bazarlarına ordu yeridilib və onların fəaliyyəti dayandırılıb. Nəticədə on minlərlə ticarətçi (o cümlədən çoxsaylı azərbaycanlılar) işsiz qalıb.
 
FTX Vitali Borzenkonu dövlətə məxsus torpaq sahələrini qanunsuz olaraq ticarət mərkəzləri tikmək üçün Kərim Babayevə verməkdə, rüşvət almaqda və korrupsiyada ittiham edir. İş üzrə digər fiqurantlar isə vergidən yayınmaqda və digər əməllərdə günahlandırılır.
 
Xəbərə görə, İrina Telarovanın evində və kabinetində axtarış aparılıb. Əməliyyat-istintaq qrupu sənədləri , informasiya daşıyıcılarını götürüb. “Komsomolskaya Pravda-Rostov” qəzeti öz mənbələrinə istinadən bildirir ki, İrina Telarova Borzenko-Babayev işi üzrə fiqurant deyil və onu dindirmək üçün aparıblar.