Bu gün:


Hərbi prokuror: “İtkin düşmüş yeddi hərbçinin axtarışları intensiv şəkildə davam etdirilir”

Tarix: 01.10.2021 / 09:45  •   Oxundu: 140 dəfə  •  

“Müvafiq dövlət qurumlarının köməyindən istifadə edilməklə döyüş əməliyyatlarında həlak ol­muş şəxslərin qısa müddət ərzində şəxsiyyətlərinin müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin edilib”.
 
Bunu Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.
 
“Belə ki, Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin işçiləri ilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçirilməklə, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə müntəzəm iş aparılmaqla indiyədək 2907 şəxsin, o cümlədən, həlak olaraq itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətlərinin tam müəyyən edilərək meyitlərinin aidiyyəti üzrə təhvil verilməsi təmin olunub.
 
İtkin düşmüş digər 7 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də, axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır”, - deyə X.Vəliyev qeyd edib.