
Nurlana Əliyeva Bakı Slavyan Universitetini kor qoyandan sonra onun korrupsioner şəbəkəsi bu ali təhsil müəssisəsindən təmizlənmək əvəzinə özünə daha da yer edir, yeni təyin olunan rektorun sevimlisinə çevrilirlər ki, bunun da özəl səbəbləri mövcuddur. Azərbaycan Dillər Universitetində dekan kimi işləyib tələbələrin "dərisini soymaq" üzrə püxtələşən, təhsilsizlik naziri Emin Əmrullayevin lakeyi Anar Nağıyev Bakı Slavyan Universitetini Ağdam Slavyan Universitetinə çevirmək istiqamətində mətin addımlarla irəliləməkdədir.
Ötən gün Bakı Slavyan Universitetində baş tutan iclasda adının çəkilməsini istəməyən mənbəmizin redaksiyamıza verdiyi məlumata görə Anar Nağıyev elmlər doktoru proqramı üzrə sənəd verən onlarla namizədi qəbul edərək onlardan yalnız iki nəfərin namizədliyini təsdiq etmiş, qalanların ümidini və zəhmətini isə yerə vurmuşdur. Mənbəmizin verdiyi məlumata görə namizədlər xüsusi kriteriya ilə seçilmişdir. Belə ki, onların hər ikisi Anar Nağıyevin yerlisi - ağdamlı olmuşlar.
Bundan başqa, əsas korpusun və ikinci tədris korpusunun komendantları - İsmayıl və Arzu Əliyev qardaşları da rektorun sevimlisidirlər. Məlumatda bildirilir ki, hər iki qardaş, xüsusilə İsmayıl Əliyev seyid olması adı ilə təmizlikçi qadınlara əxlaqsız təkliflər edir, onun təklifini müsbət dəyərləndirməyən qadın işçilərə isə əziyyət verir: rektorun işdən gec çıxmasını əsas gətirib onları işdən gec buraxır, səhər isə işə vaxtından tez gəlmələrini tələb edir, xüsusilə oğlanların tualetini təmizləmək üçün günün pik saatında intiqam almaq istədiyi qadınları ora göndərərək onların "dirənişini" sındırmaq istəyir, buna nail olmayanda isə əməkdaşları ən pis küçə söyüşləri ilə təhqir edir. Lakin əsil Azərbaycan qadını kimi mətanət nümayiş etdirən xanımların iradəsini qıra bilməyəcəyini görən İsmayıl Əliyev rektor Anar Nağıyevlə məsləhətləşəndən sonra xüsusi intizam komissiyasının yaradılmasına nail olmuşdur. Anar Nağıyevin imzaladığı 07.10.2021-ci il tarixli, 63 nömrəli əmri ilə universitetdə əsil "gestapo" rejimi yaradılmışdır.
Mənbəmiz deyir ki, "kişilər" hazırda bu qərarın xanımlar üzərində necə təsirə malik olacağı barədə bir neçə gündür sevincək müzakirə aparmaqla məşğuldurlar, bir-birlərinin kabinetinə girərək yeni qərarla bağlı təbrikləşirlər. Qeyd edək ki, ikinci korpusun "komandiri" də bir neçə ay əvvəl tabeliyindəki işçi qadına əxlaqsız hərəkətlər etdiyi üçün töhmət alsa da, İsmayıl Əliyevin xahişi Anar Nağıyevi fikrindən döndərə bilmişdir.
Mənbəmiz onu da əlavə edir ki, Nurlana Əliyevanın işdən azad olmasına səbəb olan və rüşvət və korrupsiyaya görə həbs olunan Dürdanə Əliyevanın yerinə Anar Nağıyev daha bir ağdamlını - Tofiq müəllimi vəzifəyə təyin edib ki, şöbədəki yarımçıq və nəzarətsiz qalan işlərə çəki-düzən verərək müvəqqəti tutulmuş “bulağın” “gözünü” açsın.
Hal-hazırda Anar müəllimin başı biznesə o qədər qarışıb ki, təhsil yaddan çıxıb. Magistr təhsili olmayan əməkdaşlara dərs saatı paylayır, qocaman müəllimləri isə ya əmək məzuniyyətinə yola salır, ya da ştatını azaldır, bir sözlə professor-müəllim heyətini "cavanlaşdırmaqla" yanaşı həm də "ağdamlaşdırır". Ötən sayımızda xüsusilə Bakı Slavyan Universitetində tələbələr arasında yoluxma sayının çoxaldığını və rəhbərliyin bu faktı bacardığı qədər gizlətdiyi barədə xəbər dərc etmişdik. Yoluxma faktlarının artmasına səbəb isə bəzi işbaz müəllim və dekanların poliklinika tibb bacıları ilə biznes əlaqəsinə girib pulla tələbələrə Covid-19 pasportu təşkil etməsidir. Tələbələrin ən azı 80%-i peyvənd olunmadan pasport əldə etmişdir ki, bu da yolxuma faktını artıran səbəbdir.
Anar müəllimin başı həm də universitetin düz qənşərində yerləşən "stoyanka"dan "dolya" yığmağa qarışıb. Məhz buna görə də Bakı Slavyan Universitetinin qarşısında vergisiz fəaliyyət göstərən maşın dayanacağında sürücülərdən saxlama saatından asılı olmayaraq 2 manat tələb edilir. Deyilənlərin həqiqliyini yoxlamaq üçün maşını ora sürdük. Eynəkli və idmançı cüssəli kişi bizdən 2 manat tələb etdi. Biz qəbz istəyəndə isə buranın Anar Nağıyevin obyekti olduğunu bildirdi. Aydın oldu ki, bu iki manatın bir manatı Anar Nağıyevə, digəri isə Nəsimi rayon İcra hakimi Asif Əsgərovun cibinə daxil olur. Gün ərzində maşın dayanacağında yüzlərlə maşın girib çıxır. Ən sadə hesablama ilə gündəlik dövriyyənin ümumi məbləğini oxucumuz asanlıqla hesablaya bilər. Vergidən yayınan qanunsuz avtodayanacağın biznesmen əməkdaşlarının əksəriyyəti də ağdamlıdır.
Mövzu diqqətimizdədir. Müəllimlərin redaksiyamıza və sosial şəbəkə hesablarımıza ünvanladığı müxtəlif məzmunlu şikayətlərini ümumiləşdirib mövzuya bir daha qayıdacağıq.
Cavid Camal