Bu gün:


“Bura məhkəmə deyil” - MTN-nin keçmiş şöbə müdirindən Bakı Hərbi Məhkəməsinə etiraz

Tarix: 05.11.2021 / 22:50  •   Oxundu: 225 dəfə  •  

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyev, MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

İDEAL Media.az xəbər verir ki, məhkəmə iclası açıq olsa da, media nümayəndələri prosesə buraxılmayıb. Bu addım zalda yerin olmaması ilə izah edilib. Lakin zərərçəkənlər izahatın əsassız olduğunu bildiriblər. Onların sözlərinə görə, zalda kifayət qədər yer var, jurnalistlərin prosesə buraxılmaması isə sadəcə Mövlan Şıxəliyevə "müəllim” deyə müraciət edən Elbəyi Allahveridyevin şəxsi təşəbbüsüdür.

Prosesdən əvvəl zərərçəkən Hüseyn Səfərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Mövlan Şıxəliyev ondan 2 milyon dollar pul alıb: "Mən ən azı 12 dəfə Mövlan Şıxəliyevin kabinetində olmuşam. Əvvəl 3 milyon dollar istəyirdilər. Sonra 2 milyona endilər və həmin pulu məndən aldılar. Bunların çox işləri olub. Mən bu gün məhkəmədə yeni faktlar açıqlayacam”.

Hüseyn Səfərov əlavə edib ki, məhkəmə istintaqı birtərəfli qaydada aparılır: "Biz deyirik, amma görürük ki, məhkəmə birtərəfli gedir. Mövlan Şıxəliyevin adamları zərərçəkənlərə təsir göstərirlər. Deyirlər ki, Mövlan Şıxəliyevi müdafiə edin. Məndən 2 milyon alıblar, heç nədən. Pulumuzu qaytarsınlar”.

Zərəçəkən həmçinin qeyd edib ki, mühakimə olunanların cəzasız qalması təhlükəlidir: "Xüsusilə, Mövlan Şıxəliyevin işçisi, Baş İstintaq İdaəsinin keçmiş şöbə müdiri Vüsal Ələkbərovun azadlıqda qalması çox təhlükəlidir”.

Qaynarinfo hələ ki, azadlıqda olan Vüsal Ələkbərovu da danışdırmağa çalışıb. Lakin o, "mənim cinayətim yoxdur, bura da məhkəmə deyil” deyə sualları cavablandırmaqdan imtina edib.

Proses davam edir.