Bu gün:


Bakıda piyada keçidlərində eskalatorlar hansı səbəbdən işləmir?

Tarix: 11.01.2022 / 18:18  •   Oxundu: 67 dəfə  •  

Son günlər paytaxtın bəzi küçə və prospektlərində yerləşən piyada keçidlərindəki eskalatorların işlək vəziyyətdə olmaması piyadaların haqlı narazılığına səbəb olub. Paytaxtın bir çox yerlərində eskalatorların uzun müddətdir işlək olmaması yolun bir tərəfindən digər hissəsinə keçmək istəyən piyadaların hərəkətini çətinləşdirib. Prospektin işlək olmasına baxmayaraq, keçiddən istifadə edənlər eskalatorların heç birinin işləməməsindən narazıdırlar.

Çəkilişimiz zamanı müşahidə olunub ki, sakinlər işləməyən eskalatordan pilləkən kimi istifadə edir. Keçiddən azyaşlı nəvəsi ilə birlikdə istifadə edən yaşlı qadın bildirib ki, eskalatorun işləməməsi onlar üçün əsl əziyyətə çevrilib. Yaxınlıqda yaşadığı üçün keçiddən tez-tez istifadə etməyə məcbur olan şəhər sakininin sözlərinə görə, eskalatorlar bir ildən çoxdur ki, işlək vəziyyətdə deyil: "Mən bu ərazinin sakiniyəm, demək olar ki, hər gün mütəmadi olaraq nəvəmi bağçaya aparıb-gətirirəm. Təbii ki, çox çətinlik çəkirik”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli İDEAL Media.az-a deyib ki, eskalator və eskalatorların ehtiyat hissələri ölkəmizdə istehsal olunmadığına görə xaricdən sifariş verilir. "Bu isə müəyyən vaxt tələb edir. Ona görə də bu müddət ərzində hər hansı bir ərazidə sıradan çıxmış eskalatorlar işlək vəziyyətdə olmaya bilər".