Bu gün:


Baş həkimə 9 il həbs verildi

Tarix: 19.08.2021 / 09:51  •   Oxundu: 244 dəfə  •  

1 saylı Şəhər Dəri-zöhrəvi Dispanserinin baş həkimi olmuş Rəşad İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan R.İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub.
 
Sonuncu prosesdə hökm oxunub. Hökmə əsasən R.İsmayılov 9 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, məhkəmə istintaqı dövründə Rəşad İsmayılov ittihamlarını qəbul etmədiyini deyib.
 
Məhkəmədə ifadə verən Rəşad İsmayılov bildirib ki, o, Sürəyya Qasımovadan pulu borc alıb.
 
R.İsmayılov qeyd edib ki, ittihamda bəhs olunan 280 min manat ona birdəfəyə verilməyib: "Biz onunla bir qrupda oxumuşuq. Pulu mənə saziş əsasında verib. Mənə xaricdən - "Pepsi Cola" şirkətindən 1 milyon 300 min dollar pul gəlməliydi. Mənim özümü də aldatdılar. Vüsal Əliyev vardı, o dedi ki, pulu almaqda mənə kömək edəcək. Buna görə ona pul verməliydim. Sürəyyanın əri də iki dəfə, elə birbaşa Vüsala pul verib. Pul Gürcüstana, oradan Azərbaycana gəlməliydi. Sonradan bildim ki, Sürəyyagil də altdan-altdan səsimi yazıb prokurorluğa verirmiş. Tutuldum, o iş də qaldı...".
 
Prosesdə Sürəyya Qasımova şahid qismində dindirilib. Söyləyib ki, R.İsmayılovla ünsiyyəti olub, bir-birlərinin yanına xəstə göndərirmişlər.
 
O deyib ki, R.İsmayılov ondan birinci dəfə 700 manat borc istəyib: "Pulu verdim. İkinci dəfə 1500 manat istədi. Yenə verdim. Sonra dedi ki, yüksək vəzifəyə gedirəm, mənə kömək elə. Mən də evdə nə vardısa, verdim. İllərlə yığdıqlarımızın hamısını - avro da vardı, dollar da, manat da. Demişdi ki, xaricdən alacağım var. İspaniyada biznesi olduğunu bildirmişdi. Ümumilikdə 280 min manat pul vermişəm. Bir avtobusumuz vardı, onu, "Pajero" maşınımızı satdıq..."
 
Amma Sürəyya Qasımova məhkəmədə bu pulları baş həkim təyin olunmaq üçün verdiyini demək istəməyib.
 
Məhkəmə istintaqdakı ifadəsini ona xatırladıb. Həmin ifadədə o bildirib ki, Rəşad İsmayılov özünün yaxın vaxtlarda səhiyyə naziri təyin ediləcəyini, onu da Koordiologiya İnstitutuna baş həkim təyin etdirəcəyini demişdi: "Mənə demişdi ki, özündə olan bütün pulları da bu məqsədlə yüksək vəzifəli adama verib. O adamın adını burada demək istəmirəm".
 
Sualları cavablandıran şahid bildirib ki, o, sinir xəstəlikləri üzrə ixtisaslaşmış həkimdir. Lakin o, Elmi-Tədqiqat Koordiologiya İnstitutuna baş həkim təyin olunmaq istəyirmiş.
 
Sürəyya Qasımova təsdiqləyib ki, həyat yoldaşı iki dəfə pulu Vüsal Əliyev adlı şəxsə verib.
 
Təqsirləndirilən sabiq baş həkimin Samir Şahbazov adlı şəxsdən də pul aldığı iddia olunur. Rəşad İsmayılov həmin vəsaiti də borc aldığını bildirib.
 
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Rəşad İsmayılovun həmin vəzifədə işləyərkən iş üçün ona müraciət etmiş şəxsə özünün yaxın vaxtlarda guya Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsinə təyin olunduqdan sonra onu müvafiq tibb müəssisəsinə baş həkim vəzifəsinə təyin edəcəyi barədə yalan vəd verərək həmin vətəndaşın ümumilikdə 280 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə və vətəndaşı bilə-bilə qanunsuz hərəkətlərə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.
 
İş üzrə toplanmış sübutlar əsasında Rəşad İsmayılova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə rüşvət vermə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.