Bu gün:


Sahil qəsəbəsində sərhədsiz despotizm

Tarix: 03.09.2021 / 19:25  •   Oxundu: 231 dəfə  •  

Qaradağ rayonu, Sahil qəsəbəsində kriminogen durum vandalizmdir. Paytaxt Bakıya ümid dolu sevgi ilə, hörmətlə təşrif buyuran ailə və övladlarının gələcək həyatını məmnun edə biləcəyi düşüncəsi ilə min cür əzab-əziyyətə qatlaşan Cəfərov Elşən Əliağa oğlunun qarşılaşdığı xoşagəlməz, ürəkbulandıran kazusların insanlıqla, dövlətçiliklə, qanunçuluqla heç bir əlaqəsi yoxdur.

Apardığımız araşdırmalar nəticəsində məlum olmuşdur ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev 42 B və Bəxtiyar Əliyev 41 C ünvanında yaşayan sakinlərin birmənalı olaraq “SAPFİR” MTK-nın icraçı direktoru kimi tanıdıqları Elşən Cəfərov barəsində yüksək səviyyədə düşüncə və fikirlərini səsləndirməklə yanaşı onun qayğıkeş, dürüst, ləyaqətli, vicdanlı vətəndaş kimi təqdim etməkdə də heç kəs tərəddüd etməmiş, hətta kənar binada yaşayan sakinlər belə öz ifadə və mülahizələrində iddia etmişlər ki, Elşən Cəfərov bir ata, bir qardaş, bir vətəndaş olaraq hər birimizin istək və arzularını uşaq kimi yerinə yetirən alicənab şəxsiyyətdir. 

Paralel olaraq o da məlum olmuşdur ki, məhz Elşən Ələkbərov soyadlı vətəndaşımızdan mənzil alan Elşən Cəfərov “SAPFİR” MTK-nın rəhbəri Sahir Məmmədova işləyəcəyi dönəmdə zəhmət haqqının əvəzi olaraq sonunda mənzilin ona qalacağını vəd etmişdir.

Verdiyi sözə, əməllərinə sadiq qalan, kişilik kriteriyalarına mükəmməl riayət edən Elşən Cəfərov son anda qarşılaşdığı kazuslara görə şok terapiya yaşamışdır.

“İdeal Media Qrup”un redaksiyasında olan hörmətli Elşən Ələkbərov açıq mətnlə etiraf etdi: “Mən öz mənzilimi Elşən Cəfərova satdım. Elşən Cəfərov isə həmin mənzili “SAPFİR” MTK-nın rəhbəri Sahir Məmmədovun adına girov kimi qeydiyyata aldı və haqqı ödəniləndən sonra həmin mənzili qaytaracağını vəd etdi”.

Bu gün Elşən Cəfərov on il ərzində çəkdiyi zəhmətlərin, vicdanlı mövqeyinin fonunda öz isti ocağına qayıda bilmir. Səbəbi sadədir. Hüquqsuzluq. Rüşvət. Korrupsiya.

Lakin bütün bunlara baxmayaraq, həmin ünvanda yaşayan sakinlərin ədalətli mövqeyi eyni zamanda hüquq-mühafizə orqanlarında çalışan, rüşvət və korrupsiya çəlləyində qıcqırmayan vicdanlı məmurların şəxsində Elşən Cəfərovun öz doğma ocağına, 10 il ərzində çəkdiyi zəhmətinin haqqına çatacağına heç kəsin şübhəsi olmasın.

Mövzu diqqətimizdədir.

Araşdırmalarımız davam edir. Hüquq-mühafizə orqanlarının mövcud qanunsuzluqları ilə bağlı obyektiv və ideal xəbərlər yalnız bizim təqdimatımızdadır.


Cavid Camal