Bu gün:


Qanunların gorbagor olduğu Goranboy

Tarix: 19.10.2021 / 20:21  •   Oxundu: 403 dəfə  •  

Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya, digər hökumət və dövlət qurumlarına və "İdeal" redaksiyasına müraciət etmişdir. Həmin müraciəti olduğu kimi ictimailəşdiririk:

"Övladı Goranboy Rayon Təhsil Şöbəsinin müdürü vəzifəsində çalışdığı, VƏZİFƏDƏ olduğu üçün ANANIN yaş həddi "65" olmasına baxmayaraq əmək müqaviləsinə xitam verilmədi.
QANUNLARIMIZ hamı üçün tətbiq olunmalı deyilmi? Yoxsa kiminsə VƏZİFƏDƏ əyləşən yaxını, qohumu varsa ona QANUNLARIMIZ tətbiq olunmamalıdırmı?

Goranboy Rayon Təhsil Şöbəsinin müdürü vəzifəsində çalışan Seymur Nazarovun anası Aslanova Flora Mikayıl qızı Goranboy rayonu Qızılhacılı qəsəbə XƏSTƏXANASINDA uşaq həkimi vəzifəsində işləyirdi. 19.10.2021-ci il tarixində "65" yaşını tamamladı. Bu xəstəxanada Flora həkimdən başqa da uşaq həkimi var. Çox təəssüflər olsun ki, Flora həkimi Goranboy Rayon Təhsil Şöbəsinin müdürü vəzifəsində çalışan oğlu Seymur Nazarova görə xəstəxanadan işdən azad etmədilər, müqavilə bağlayaraq işdə saxladılar.

HƏKİMİ həkim edən MÜƏLLİMDİR. Müəllim şərəfli peşədir. Müəllim ordusuna Goranboy rayonunda rəhbərlik edən Seymur Nazarov "KADR islahatları" apararaq "65" yaşı tamam olan müəllimi işdən azad edir, müqavilə bağlamamağı məktəb direktorlarına tapşırıq verir. "65" yaşı tamam olan müəllimlər müqavilənin uzadılması xahişini etsələr də nəzərə almır, bildirir ki, mən QANUNU poza bilmərəm.

Bəs onda nə səbəbə bu QANUN vəzifəli şəxsin anası həkim Flora Aslanovaya şamil edilmir, tətbiq olunmur.

Sizdən xahiş edirəm NƏZARƏTİNİZƏ götürəsiniz, bu barədə tədbir görəsiniz".
   
Hörmətlə,
Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu

TARİX:  19.10.2021-ci il

Materialı çapa hazırladı: Sofia Sofulu