Bu gün:


Zərəçəkmişlər Maqsudun üzünə durdu: "Qızıllarımı ver"

Tarix: 31.03.2022 / 11:04  •   Oxundu: 177 dəfə  •  

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrliyi ilə Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
İDEALMedia.az xəbər verir ki, prosesdə zərərçəkmişlər ifadə veriblər.
Zərərçəkmiş Leyla Yusifova bildirib ki, Maqsud Mahmudovu heç vaxt görməmişəm:
“Ana məbləği ödədim. Qızılı götürmək üçün getdim. Gördüm ki, çoxlu insanlar toplaşıb. Hamı gedib ərizə yazanda, mən də yazdım. Qoyduğum qızılın dəyəri yüksək idi. Təlaşdan nə edəcəyimi bilmirdim. Şikayətdən 7-10 gün sonra qızıllarım geri qaytarıldı. Heç bir şikayətim yoxdur.
Mədinə İsrafilova, Maqsud Mahmudov və ya başqası heç kimi tanımırdım. Sadəcə, verilən çeklərin üzərində Mədinə İsrafilovanın adı yazılmışdı. Sadəcə Maqsud Mahmudovu bir dəfə görmüşəm”.
Vəkilin suallarını cavablandıran zərərçəkmiş deyib ki, qızıllarını ödəyəndə bildiriblər ki, qızıllar bankdadır: 
"Mənə dedilər ki, qızıllar bankda girovdur. Mən də dedim ki, mən banka girov qızıl qoymamışam. Lombardda Maqsudu tanımamışam, onunla heç bir söhbətim olmayıb. Fikirləşməmişəm ki, bu lombard kimindir, orada qızlar otururdu. Onlarla iş görürdüm. Vaxtında faizlərimi ödəmişəm".
Zərərçəkmiş Rəna Məmmədova isə qeyd edib ki, 5500 manat dəyərində qızılım hələ də geri qaytarılmayıb:
“Mənim pula ehtiyacım olduğu üçün 70 qramlıq qızıl lombarda qoyub, pul götürdüm. Daha sonra əsas məbləği ödədim və qızıllarımı götürmək üçün lombarda yaxınlaşdım. Problem olduğunu, 10 gün sonra yenidən yaxınlaşmağımı istədilər. Daha sonra anam xəstələndi, rəhmətə getdi deyə başım qarışdı.
Mədinə İsrafilova ilə bir dəfə danışdım, o, heç nə bilmədiyini dedi. Ondan sonra əlaqə kəsildi. Hazırda həmin ziyan qalmaqdadır. Səhhətimdə də problem yarandı. Qızıllarımı geri qaytarmırlar. 
Mədinə dedi ki, Maqsud qızılları götürüb gedib. Hazırda da 70 qrama yaxın qızılı ala bilmirəm. Hamının qızıllarını qaytarıb, mənim yox. Ümumilikdə 5 min manatdan artıq ziyan vurulub mənə".
Zərərçəkən Firəngiz Dadaşova deyib ki, özümün qızıllarımın borcunu ödəyə bilmədiyim üçün götürə bilmədim:
“Baldızımın qızıllarını lombarda qoymuşduq. Əsas məbləği ödəyib, qızılları götürə bilmədik. Dedilər ki, Maqsud Mahmudov qızılları götürüb, qaçıb. Hamımız polisə ərizə yazdıq. Ərizədən sonra pulunu ödədiyim qızılları geri qaytardılar. 
Mən illərlə Mədinə İsrafilova ilə işləmişəm. Lombardın sahibi kimi də Mədinə İsrafilovanı tanıyırdım”.
Zərərçəkmiş Pərvanə Babayeva borcu Mədinə İsrafilovaya ödədiyini deyib:
“Hər ay faiz borcumu ödəyirdim. Polisə şikayət etdikdə əsas məbləği ödəməmişdim. Ərizə yazandan sonra borcumu tam ödəyib, qızıllarımı Mədinə İsrafilovadan götürdüm”.
Maqsud Mahmudov yenidən hakim Faiq Qəniyevə zərərçəkənlərin yönləndirildiyi üçün narazılıq edib.
Zərərçəkmiş Muxtar Qədimov deyib ki, Maqsud Mahmudovu heç zaman görməmişəm:
“Mən illərlə lombarda qızıl qoyub, pul götürmüşəm. Hamı ərizə yazırdı deyə, mən də yazdım. Şikayət etdiyim zaman əsas məbləği ödəmişdim. Maqsud Mahmudovu heç zaman görməmişəm”. 
Sonra Emin Kərimov ifadə verdi. O dedi ki, şikayətimdən sonra qızıllarım geri qaytarılıb:
“Əsas məbləği ödəyib, qızılı götürmək üçün getdim. Gəlib gördüm ki, lombard bağlıdır. Hamı ilə birgə gedib ərizə yazdım. Şikayətdən təxminən 10 gün sonra məni lombarda dəvət edib, qızılları qaytardılar. Maqsud Mahmudovu birinci dəfədir ki, indi görürəm”.
Zərərçəkən Taleh Süleymanov qızılların aldığını, heç bir şikayətinin olmadığını bildirib:
“Ana məbləği ödədim qızıllarımı götürmək alınmadı. Dedilər ki, Maqsud Mahmudov qızılları götürüb, qaçıb. Polisə şikayət etdim, evə qayıtdım. Sonra qızıllarımı dəvət edib verdilər. Maqsud Mahmudovu heç vaxt görməmişəm”.
Məhkəmənin növbəti iclası aprelin 4-ə təyin edildi. 
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var.