Bu gün:


Baron Tahir dövləti niyə tanımır?

Tarix: 06.06.2022 / 21:08  •   Oxundu: 413 dəfə  •  

Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeçiliyində olan müəssisələrdən qazanılan çirkli pulları yalnız neftdən ayrı-ayrı şəxslərin ciblərinə axan gəlirlərlə müqayisə etmək olar. Korrupsiya ittihamı ilə mühakimə edilən korrupsionerlərin, baronların, qanqsterlərin, dövlətə və vətəndaşlara külli miqdarda dələduzluq cinayəti törətmiş şəxslərin hamısı bir qayda olaraq Penitensiar Xidmətin məhz Tibbi-Sanitar (TSH), Müalicə Müəssisəsi (MM) və yaxud da İxtisaslaşımış Müalicə Müəssisəsində ("Tubzon") kef çəkməkdədirlər. Yəni ki, mövcud rejim korrupsioner mahiyyətini məkanından asılı olamyaraq hər bir vətəndaşa aşılamağı bacarır.

Bu gün hətta siyasi məhbus hesab edilən və mövqeyini ödəniləcək pulun müqabilində buqələmun kimi dəyişən "dissident"lərin müdafiə etdiyi Müsəlman Hərəkatının üzvü Abbas Hüseyn, 11 nəfər günahsız şəxsin qətlində ittiham olunan Hacı Məmmədovun rəisi Kamil Sədrəddinov - 8 saylı cəzaçəkmə müəssisəsinin tibbi-sanitar hissəsində;
şortu biznesin avtoportreti, Rəqsanənin mühafizəçisi, bütün rəislərə qarson xidməti göstərmiş Fuad Əsgərov ("Fuad Astaralı"), 8 nəfərin qətlinin sifarişçisi, hazırda Gəncədə Bakı otelinin və digər "priton" biznes şəbəkələrinin qurucusu, ömürlük məhkum Şöhrət Quliyev, YAP hökumətinin uğuru kimi hər gün gözə soxduğu korrupsioner icra başçıları Vilyam Hacıyev və.s, - İxtisaslaşmış Müalicə Müəssisəsində və müalicə müəssisəsi adlı motellərdə kef çəkirlər.

Bu gün İDEAL-a pənah gətirən və küçə süpürməklə çörək pulu qazanan, əslən Qərbi Azərbaycanlı Allahverdiyeva Telnaz Qulu qızı 2014-cü ilin noyabrın 14-dən həbsdə olan, Qobustan həbsxanasında saxlanılan və bir neçə ciddi xəstəlikdən əziyyət çəkən Allahverdiyev Vəli Əli oğlunun Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməməsi faktı üzrə müraciət etmiş və bizdən xahiş etmişdir ki, övladına yardımçı olaq.

Xanım Telnaz Allahverdiyeva bildirdi ki, oğlum Vəli Allahverdiyevi Qobustan həbsxanasının rəisi Tahir Yusubov kabinetinə çağırmış və diqqətinə çatdırmışdır ki, müalicə müəssisəsinə getməkdən ötrü təkcə yol xərci 300 manat təşkil edir. STOP!

Məhkumlar arasında "Tuman" Tahir kimi tanınan baron Tahir Yusubov və ona arxalıq edən rüşvətxor sürüsü qanmalıdır ki, Vəli Allahverdiyevin atası yoxdur, yaşlı anası isə Prezident İlham Əliyevin hər gün səhər işə gəlib getdiyi asfalt yolu süpürməklə özünü və övladına çörək pulu qazanır. Aylıq məvacibi isə 250 manat təşkil edir.

Bu xanım "Tuman" Tahirin tələb etdiyi 300 manatı ödəməkdən ötrü gərək 3 ay ölsün, sonradan dirilsin. 

Korrupsioner Səlim Müslümov barəsində saxta rəy və diaqnoz verən bığlı "kişi", hamilə qadınlardan 250 manatdan (Binəqədi mərkəzi xəstəxanası) rüşvət yığmaq üzrə 15 qat ermənistan çempionu, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin generalissimusu Mehdiyev Rafonun görəsən insanlıq hissi harasında gizlənib?
Nə vaxt o imkan verəcək ki, Azərbaycan Respublikasının əsas Qanunu hesab edilən Konstitusiyanın 12-ci maddəsi reanimasiyadan palataya köçürülsün?
Rafo kimilərini arvad-uşağının yanında "şöhrətə" mindirən Şöhrət Quliyev, Vilyam Hacıyev, Fuad Astaralı kimi "lox"lar varkən, Vəli Allahverdiyev kimilərinə güzəşt etmək olmazdımı?!

Mövzu diqqətimizdədir.

Polad Musayev