Bu gün:


Xalqa xəyanət edən “Azər”lər

Tarix: 03.09.2021 / 18:18  •   Oxundu: 325 dəfə  •  

Avtoritar ölkələrdə hər kəsin öz taxtı, öz qanunu, öz hökmü olduğu kimi analoqsuz ölkəmizdə də hər bir oliqarx məmurun öz deputatı, öz artisti, öz baş redaktoru var və onlardan təyinatı üzrə istifadə edirlər.

Rüsvayçılıq və abırsızlıqlar seriyasından biri də bundan ibarətdir ki, “Azəriqaz” və “Azərsu” adlı qurumların başında otuzdurulan başıboş hüdudsuzlar heç bir hədd və sədd gözləmədən başını qumdan çıxarmayan dəvəquşular sayağı vətəndaşara zülm etməkdə davam edirlər. Məsələn, son günlərin müşahidəsindən məlum oldu ki, Köçərlinin direktivləri üzrə bütün abonentlərə “borcun var” deyə qəbzlər paylanıldı və yaxud da “Azəriqaz” adlı kriminal bir qurumun rəhbərliyi vətəndaşa heç bir xəbərdarlıq etmədən gah sayğacı xarab edir, gah yeni sayğac qoyur, gah vətəndaşdan polisə, prokurorluğa şikayət edir, gah da... bir sözlə it yiyəsini tanımır.

Bütün bunlar və baş verən hadisələr əslinə qalsa hökumətin idarəetmə sxeminin və ya sistematikasının itirmə tendensiyasıdır. Əgər vətəndaş elektronlaşmış sayğaclar üzrə istifadə etdiyi qazın və suyun pulunu rüşvətlə bu sistemə soxuşdurulmuş gədə-güdələrin tələbi üzrə ödəyəcəkdirsə, milyonlar hesabına başa gələn sayğaclar nəyə lazım idi? Və ya bu cür başıboş hüdudsuzları vəzifə kulyarlarına soxuşduran iribuynuzlu prototip bunları sevirsə, aparıb bağında və fermasında təyinatı üzrə istismar etsin.

Anlamaq lazımdır istehlakçının məmnunluğunu qazanmaq üçün ilk növbədə intellektual səviyyə və vicdan lazımdır.

İstər “Azəriqaz”ın, istər “Azərsu”yun, istərsə də digər “Azər”lərin tərkində gəzdirilənlər unutmasınlar, xalqa xidmət edə bilmirsinizsə, heç olmasa xəyanət etməyin.

Lalə Əlizadə