Bu gün:


Nəsimi rayon hüquq-mühafizə orqanları cinayətkarları niyə himayə edir?

Tarix: 13.10.2021 / 20:02  •   Oxundu: 724 dəfə  •  


20 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 14 ünvanında oğurluq hadisəsinin baş verməsi ilə bağlı KİV-də geniş məlumat yayılmışdır.

Bir ilə yaxındır ki, hüquqsuz, arxasız, dövlətsiz qanunlarımız Nəsimi rayon 22-ci polis bölməsi, Nəsimi Rayon Polis İdrarəsi, Nəsimi Rayon Prokurorluğu və Məhkəməsi arasında dövr etdirilməkdədir.

Nəsimi Rayon Polis İdarəsinin qəbul etdiyi qərarı Prokurorluq yenidən baxması üçün başqa təhqiqatçı və ya müstəntiqin icraatına verir, qəbul olunmuş qərardan məhkəməyə verilmiş şikayət məhkəmə tərəfindən nəzarətə götürülür və təmin edilir. Lakin Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 14 ünvanında yerləşən "İdeal" redaksiyasına məxsus oğurlanmış 4 ədəd noutbuk, 15.000 manat pul və digər qiymətli avadanlıqların tapılması istiqamətində hələ də heç bir tədbir görülməmişdir.

Diqqət! Diqqət!

Azərbaycan Respublikası adından qərar
Bakı şəhər Nəsimi rayon Məhkəməsi

İş: 6(006)-76/2021 
Tarix: 09.08.2021


Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Mirzəyev Mahmud Şahin oğlunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 iyun 2021-ci il tarixli qərarından Quliyev Nazim Telman oğlu tərəfindən verilmiş şikayətı məhkəmə nəzarəti qaydasında qapalı məhkəmə icraatında baxaraq qərara aldı:

"Şikayət qismən təmin edilsin. Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Mirzəyev Mahmud Şahin oğlunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 iyun 2021-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilsin.

Qərar elan olunduqdan sonra 3 gün müddətində Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər".

Hakim: Azər Tağıyev


Möhtərəm və möhtəşəm Nəsimi Rayon Polis İdarəsinin və ya Prokurorluğunun ləğv edilmiş qərarla bağlı gəldiyi qənaət 3-cü aydır ki, ünvanına yetişmir.

Hörmətli Baş prokuror cənab Kamran Əliyev və Daxili İşlər Naziri cənab Vilayət Eyvazov!
Ölkəmizdə oğurluq, soyğunçuluq, quldurluq və harınlıq cinayət faktları üzrə araşdırmanın yekun qərarı və rəyi ilə bağlı Sizin rəhbərlik etdiyiniz orqanlardan başqa hansı qurumlar son sözü demək səlahiyyətinə malikdir?

15.000 manatı oğurlanmış şəxs və "İdeal" qəzetinin əməkdaşları faktla bağlı nə az, nə çox, düz 5 dəfə ayrı-ayrı təhqiqatçı və müstəntiqlərə ifadə vermişlər. Hər dəfə izahat alan tıəhqiqatçı və müstəntiqin ilk və son sözü məhz bu olmuşdur: "Faktlar ortatadır. Rəhbərlik göstəriş versin, qanuni tədbir görək". Sitatın sonu.

P.S. Biz hüquq-mühafizə orqanlarından imtiyaz deyil, ədalət gözləyirik və tələb edirik.

Rena Ali