Bu gün:


Zabrat qəsəbəsində vətəndaşların başına bəla kəsilən trio

Tarix: 16.11.2021 / 08:15  •   Oxundu: 159 dəfə  •  

Zabrat-1 qəsəbəsi onsuz da Sabunçu rayonunun sosial probelmlər içində boğulub batan yaşayış məntəqələrindəndir. Nə yol, nə işıq, nə rabitə, nə də nəqliyyat infrastrukturu minimum tələblərə cavab vermir. Yollar tıxac, avtoqəzaların sayı-hesabı yox. Asfalt yollar qırıq-sökük, küçələri palçıq içində. Yağış yağanda bu küçələr əsil bataqlığa çevrilir.
 
Sakinlərin sosial problemləri ilə maraqlanmaq, onların problemlərini az da olsa yüngülləşdirmək yerinə Sabunçu rayon İcra Hakimiyyəti daha radiklal mövqe seçmişdir. Tarix dərsliklərində rast gəldiyimiz feodal dövrünün zülmkar hakimi kimi sakinlərə vətəndaş nəzəri ilə yox, rəiyyət gözü ilə baxıb onların onsuz da çətin həyat şəraitindən pul qazanmaq yolunu Sabunçu rayon İcra Hakimiyyəti qarşısına məqsəd qoymuşdur.
 
Belə ki, Zabrat-1 qəsəbəsinin Kərpic zavodu adlanan Yeni yaşayış massivi ərazisində kupçasız və hətta bələdiyyə sənədsiz qanunsuz yarımtikilinin təyinatı bəlli olmayan mistik fəaliyyəti ətrafda yaşayan sakinlərin canını boğazına yığmışdır. Sabunçu Rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi ilə fəaliyyət göstərdiyini deyən sahibkar Ələskərov Rövşən Vəli oğlu öz gecəqondu yarımtikilisini "Azercell" MMC-yə kirayə verərək insanların, xüsusilə körpələrin və qocaların sıx məskunlaşdığı bir məhəllədə yüksək frekanslı dalğaötürücü qurğu quraşdıraraq külli-miqdarda qazanc əldə edir.
 
Sakinlər deyəndə ki, bu qurğunun bura yerləşdirilməsindən biz etiraz edirik, Ələskərov Rövşən Vəli oğlu demişdir ki "bu torpağın yiyəsi icazə verib, siz kimsiniz? Gedin öz həyətinizdə ağalıq edin". "Azercell" MMC-nin rəhbərliyi isə sanki vətəndaşlarla yox, əsirlərlə davranır.
 
Zabrat-1 qəsəbəsinin Kərpic zavodu adlanan Yeni yaşayış massivi, Şəfaət Mehdiyev küçəsinin sakinləri dəfələrlə Sabunçu rayon İcra Hakimiyyətinə, Hüquq Mühafizə Orqanlarına müraciət edərək həmin ərazidə yaşayan sakinlərin əksəriyyətinin evində bu və digər xəstəlikdən əziyyət çəkən yaşlı, ahıl və xəstə insanlar yaşadığını, buna görə də yüksək frekanslı dalğaötürücü qurğunun həmin ünvandan götürülməsi ilə bağlı kütləvi müraciətlər etsələr də, onların bu müraciətləri sabotaj olunmuşdur.
 
Əlacsız qalan vətəndaşlar Prezident İlham Əliyevə və İDEAL-a müraciət edərək şüalanma ilə mərkəzləşdirilmiş qurğunun yaradacağı təhlükəli fəsadların onları narahat etdiyini və bunun qarşısını almaqdan ötrü müraciət etmişlər:
 
"Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əəsasən hər bir vətəndaşın təhlükəsiz yaşamaq və 39-cu maddəsinə əsasən sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Ana Qanunun bu müddəlarını rəhbər tutaraq Sabunçu rayonu Zabrat-1 qəsəbəsi, Yeni yaşayış massivi (Kərpic zavod), Şəfahət Mehdiyev küçəsində, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Adil Vəliyevin xeyir-duası ilə inşa edilən yeni təhlükə ocağının yaradılmaması istiqamətində zəruri tədbirlər görülməsi, biz vətəndaşlara qarşı həyata keçirilən mənəvi terror üzrə hüquqi tədbirlər görməyi Sizdən xahiş edirik”.
 
Mövzu diqqətimizdədir.
 
Raul Bakılı