Bu gün:


ABŞ İraqdan oğurlanmış artefaktları geri qaytardı

Tarix: 04.08.2021 / 10:48  •   Oxundu: 138 dəfə  •  

Amerika İncil Muzeyi və Kornell Universiteti ölkənin tarixi ilə bağlı 17 min əsəri İraqa qaytarıb. Moderator.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Səddam Hüseyn rejimi devrildikdən sonra oğurlanaraq ölkədən çıxarılmış artefaktlar - əsasən gil lövhələrdən və möhürlərdən ibarət olan kolleksiya ABŞ-a rəsmi səfərindən sonra ölkənin baş nazirinin təyyarəsi ilə keçən həftə İraqa gətirilib.

"Söhbət təkcə İraqa minlərlə lövhəni qaytarmaqdan yox, İraq xalqından gedir. Bu təkcə lövhələri deyil, həm də İraq xalqının inamını bərpa edir, belə çətin vaxtlarda xalqımızın şəxsiyyətini gücləndirir və qoruyur”, - deyə İraqın mədəniyyət, turizm və əntiq əşyalar naziri Hassan Nazim söyləyib.
Amerika İncil Muzeyinin əsərləri mənşəyinə dair sənəd təqdim etməyən şübhəli satıcıdan, Kornell Universitetinin isə lövhələri şəxsi kolleksiyaçıdan hədiyyə olaraq aldığı bildirilir. Elm adamları əşyaları araşdırdıqdan sonra onların İraqın cənubunda əvvəllər məlum olmayan Sumariyanın Qarsan şəhəri xarabalıqlarından oğurlandığı qənaətinə gəliblər.

Qeyd edək ki, İraq 30 ildən artıqdır ki, talanır. 1991-ci ildə Amerikanın "Səhrada fırtına" hərbi əməliyyatından sonra İraq hakimiyyəti ölkənin bəzi cənub bölgələrinə nəzarəti itirdi və bu ərazidə tarixi abidələrin kütləvi qarəti baş verdi.